
BİR QOLUM ARAZDI, BİR QOLUM KÜRDÜ
BİR QOLUM ARAZDI, BİR QOLUM KÜRDÜ
Bir tikə tapdığım çörəyə şükür,
var-dövlət görəndə əldən getmirəm.
hər kəsin qisməti öz əlindədir
dünyada heç kimə qibtə etmirəm...
tərəzim nə sağa, nə sola əyməz,
qəlbimin evində yaz da, qış da var.
Elə çox xiffət də etməyə dəyməz,
dərdimi bölməyə dost-tanış da var.
özüm qazanmışam alın tərimlə
bütün "sağ ol"ları, "afərin"ləri
günüm başlayanda "allah kərim"lə
xoş üz göstəribdir taleyin zəri.
Sərt olub iradəm, yarandığı gün,
bərkə də, boşa da yaxşı tanışam.
mən günəş övladı olduğum üçün
hamını ürəklə salamlamışam.
köksümə sıxmışam doğma yurdumu,
bir qolum Arazdı, bir qolum Kürdü.
nəğmələr göyərdir arzumun şumu
ömrüm şərqilərə bağlı ömürdü.



